Prezident "Azərişıq" ASC-nin yarımstansiyalarının açılışında iştirak edib

Yanvarın 17-də Azərbaycan prezidenti İlham Əliyev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib.

 

APA TV-nin məlumatına görə, orijinal layihə əsasında inşa edilən yeni inzibati bina və 220 saylı yarımstansiya bir-biri ilə harmoniya yaratmaqla modern memarlıq üslubuna malikdir.

 

Prezident İlham Əliyev həmin obyektlərin rəmzi açılışını bildirən lenti kəsib. "Azərişıq" ASC-nin sədri Baba Rzayev görülən işlər və yeni yarımstansiya barədə dövlət başçısına məlumat verib.

 

Bildirilib ki, "Azərişıq" ASC-nin balansındakı bütün inzibati binalarda ən müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Yeni inzibati binada əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

 

Sonra prezident İlham Əliyevə Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin yenidən qurulan 110/35/10 kilovoltluq "Yasamal-1" yarımstansiyası barədə məlumat verilib. Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə 110 kilovoltluq "Yasamal-1" yarımstansiyasını işə salıb.

 

Sonra dövlət başçısına 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq “Qobu” yarımstansiyaları barədə məlumat verilib. Qeyd olunub ki, Qobu, Güzdək, Aşağı Güzdək, Hökməli, Sulutəpə, Masazır, Müşfiq qəsəbələrinin və Xırdalan şəhərinin böyük bir hissəsinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün bu yarımstansiyanın inşası zəruri idi.

 

Dövlət başçısına "Azərişıq"ın elektrik təchizatı sxemi, 110 kilovoltluq "Bayramzadə" yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verilib.

 

Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və yeni yarımstansiyalarla tanış olan prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd