Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

Bu gün Təhsil Nazirliyi Quba rayonuna mediatur təşkil edib.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, mediaturun məqsədi bölgələrdə inşa edilən modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.

 

Media nümayəndələri Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar. Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

 

TN-nin sektor müdiri Cəsarət Valehov məlumat verib ki, bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib, cari ildə də bu işlər davam etdiriləcək. Modul tipli məktəblərin üstünlüyü onların az məsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir: "2018-ci ildə 137 məktəbin tikintisi nəzərdə tutulub. Bu il Qubada 6 bu tip məktəb tikiləcək. Bu da imkan verəcək ki, dağlıq ərazilərdə şagirdlər daha şəraitli vəziyyətdə təhsillərini davam etdirə bilsinlər".

 

Qeyd edək ki, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. 2018-ci ildə də sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Bildirib ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək, yüzlərlə məktəbdə təmir işləri aparılacaq, Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.

Müəllif | Apa.Tv
Vəli Turan