SOCAR istiqrazlarına tələbat niyə artır? - MÜTƏXƏSSİS RƏYİ

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazlarının sahibləri 2018-ci ildə faiz ödənişi üzrə ilk qazanclarını əldə edəcəklər.

 

APA TV-nin xəbərinə görə, yanvarın 17-dən SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək.

 

"SOCAR Capital" şirkətinin maliyyə analitiki Turan Talıbova deyir ki, SOCAR istiqrazlarına tələbat yüksəkdir: "İstiqraz sahibləri bu gün axşama qədər öz hesablarından vəsaitlərini çəkə biləcəklər. SOCAR istiqrazları üzrə tələbat yüksəkdir, yalnız sonuncu həftədə ümumilikdə cəmi 5 milyon dollarlıq dövriyyə olub".

 

Analitikin fikrincə, SOCAR istiqrazlarına olan marağın artmasının əsas səbəblərindən biri dollarla olan illik gəlir faizlərinin yüksək olması və likvidiliyidir: "SOCAR istiqrazlarına olan tələbat qiymətləri də yüksəkdir. Son 2-3 ay ərzində qiymətlər 1020-ni keçmişdir. Kupon ödənişlərindən sonra sabahdan qiymətlərdə enmə müşahidə oluna bilər, bu da faizlərin qiymətin üzərindən götürülməsi ilə əlaqədardır. SOCAR istiqrazlarına olan marağın artmasının əsas səbəblərindən biri likvidliyin olması, istənilən zaman alınıb satılmasıdır. SOCAR istiqrazlarının alınıb-satılmasında əvvəlki illərə nisbətən sadə vətəndaşlar da iştirak edir".

 

Eyni zamanda SOCAR istiqrazlarının sahiblərinin "Repo" əməliyyatından istifadə etmək imkanları var. Yəni istiqraz sahibləri qiymətli kağızlarını girov qoyaraq güzəştli şərtlərlə kredit əldə edə bilərlər. SOCAR istiqrazlarının sahibləri REPO əməliyyatından istifadə edərək 12 milyon dollara yaxın güzəştli kredit götürüblər. Bu əməliyyat hüquqi şəxslərlə yanaşı, fiziki şəxslər üçün də əlçatandır: "Cəmi 5% təminat əmsalı ilə, məsələn, 1 milyon dollarlıq istiqrazı olan şəxs 950 min dollarlıq borc pul götürə bilər. Uzunmüddətli, təxminən 3-3,5% civarında istiqrazlarını zəmanət olaraq qoyacaq, kreditin bitmə müddətində geri qaytaracaq istiqrazlarını, faiz ödənişləri də onun olacaq".

 

Qeyd edək ki, SOCAR istiqrazları ilə əməliyyatlar 2017-ci ildə rekord həddə çatıb. Belə ki, ötən il təkrar bazarda 89 230 SOCAR istiqrazı alınıb. İstiqrazlarla əməliyyatların həcmi 89,5 milyon dollar təşkil edib. İstiqrazlara həm fiziki, həm də hüquqi şəxslərin böyük maraq göstərməsi onun bahalaşmasına da səbəb olub. Ötən il istiqrazların qiyməti 1000-1023 dollar arasında dəyişib. Ümumilikdə bu günədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi 122,6 milyon dollara çatıb.

 

Xatırladaq ki, ötən il SOCAR istiqrazları üzrə 4 dəfə faiz ödənilib. 4 rüb ərzində həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 5 milyon dollar gəlir əldə ediblər. Nominal qiyməti 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faiz və ya hər istiqraz üzrə ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

Müəllif | Apa.Tv