Zaqatalada yeni yeraltı piyada keçidi inşa edilib

Zaqatala şəhəri ərazisində yeraltı piyada keçidinin tikintisi yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, yeni piyada keçidi Zaqatala şəhərinin mərkəzində, Zərifə Əliyeva və Faiq Əmirov küçələrinin kəsişməsində inşa edilir. Yeraltı keçid 4 giriş-çıxışlıdır. Piyada keçidinin uzunluğu 124 metr, qalereyasının eni 5 metr, hündürlüyü isə 3 metr təşkil edir.

 

Dizayn-bəzək işləri zamanı keçidin döşəmə və yan divarları, həmçinin pilləkən hissəsi qranit plitələrlə, çıxış divarları isə mərmərlə üzlənib, pilləkənlərə tutacaqlar quraşdırılıb.

 

Bundan başqa layihə çərçivəsində yağış sularının axıdılması üçün keçiddə xüsusi boru xətti çəkilib, iki nasos qurğusu quraşdırılıb. Keçiddə 9 yerdə təhlükəsizlik kameraları da qoyulub.

 

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.

 

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur və tez-tez tıxaclar yaranırdı. Ərazidə məktəb, xəstəxana, kənd təsərrüfatı məhsullarının satış-bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalar üçün müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurdu. Yeni inşa edilən yeraltı keçid piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı