Rusiya ilə sərhədlərin demarkasiyası Bakıda müzakirə olunacaq
Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası ilə bağlı növbəti görüş Azərbaycanda keçiriləcək.
APA TV-nin xəbərinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib ki, sərhədlərin delimitasiyasından sonra ikinci mərhələ demarkasiya məsələsidir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev tərəfindən iki ölkə arasında sərhəd xəritəsi də imzalanıb. Daha sonra sənədi xarici işlər nazirləri də imzalayıblar: "Beləliklə, həm Rusiya Dövlət Duması, həm də Azərbaycan Milli Məclisi bu sənədləri ratifikasiya edib və bu, hüquqi baxımdan təsdiqlənib. Yəni, bu işlər xəritə, sənəd, kağız üzərində görülüb. İndi mərj nişanları koordinatlara uyğun olaraq yerə bərkidilməlidir. Bu, ən məsuliyyətli və ağır məsələdir. Diplomatik kanallarla məsələ həll olandan sonra demarkasiya işlərinə başlanacaq. Bununla bağlı növbəti görüş Azərbaycanda keçiriləcək".
Gürcüstanla sərhəd məsələsinə gəlincə, Q. Məmmədov qeyd edib ki, 480 km sərhəd xəttinin 300 km-i hər iki tərəfdən razılaşdırılıb. Ekspertlər səviyyəsində məsələ ilə bağlı görüş keçirilib. Onlar razılığa gəldikdən sonra ekspertlər səviyyəsində komissiyada məsələ qaldırılacaq və burada qərar qəbul edəcəyik.