Türkiyə son sözünü dedi, ABŞ geri çəkildi: SURİYADA ORDU QURMAYACAĞIQ

ABŞ Suriya ərazisində yerli dəstələrin təlimini davam etdirir, lakin söhbət yeni ordu və yaxud sərhəd qüvvələrinin qurulmasından getmir.

 

APA TV-nin məlumatına görə, bu barədə Pentaqonun yaydığı açıqlamada bildirilir.

 

"İŞİD qruplaşmasının məhvinə yönələn hərbi əməliyyat hələ ki, başa çatmayıb. Yerli qüvvələr terrorçulardan təmizlənən ərazilərdə vəziyyətin sabitləşməsini təmin etməlidir. Pentaqon Suriyadakı hərəkətləri barədə Türkiyəni məlumatlandırmaqda davam edəcək" - deyə, sənəddə qeyd olunur.

 

Açıqlamada həmçinin bildirilir ki, Ankaranın Suriya-Türkiyə sərhədindəki vəziyyətlə əlaqədar narahatlığı başa düşüləndir: "ABŞ terrorla mübarizədə NATO üzrə müttəfiqini daim dəstəkləyəcək".


Dövlət katibi Reks Tillerson isə ABŞ-ın İŞİD qruplaşmasının darmadağın edilməsindən sonra da Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırdığını bəyan edib.

 

"Hərbi missiyamız bir sıra şərtlərdən asılıdır. Biz əmin olmalıyıq ki, terrorçular bir daha Suriyada baş qaldırmayacaq. Biz 2011-ci ildə buraxılan səhvlərin təkrarlanmasına imkan verməməliyik. O zaman İraqı tərk etməyimiz "Əl-Qaidə"nin sağ qalaraq İŞİD-ə çevrilməsinə gətirib çıxardı" - deyə, R.Tillerson bildirib. 

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib və bəyanat qəbul edilib.

 

"Türkiyə terrorçular tərəfindən təhdidlərlə qarşılaşarkən, NATO və ikitərəfli əlaqələr çərçivəsində müttəfiqinin Türkiyənin milli təhlükəsizliyini nəzərə almayaraq terrorçuları tərəfdaş elan etməsi təəssüf doğurur. Suriyada İŞİD terror təşkilatı ilə mübarizənin, demək olar ki, tam başa çatdığını nəzərə alaraq PYD-YPG terrorçularına köçürülən bütün silah və texnikanın təcili sürətdə qaytarılmasının vacibliyini vurğulayırıq" - deyə, bəyanatda vurğulanır.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində PKK-nın Suriyadakı qolu PYD-YPG qüvvələrinə qarşı əməliyyatın keçirilə biləcəyini bəyan edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı