Trampdan Netanyahuya "gözlə" mesajı: "ABŞ səfirliyinin Qüdsə köçürülməsi vaxt aparacaq"
İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hərbçilər ötən həftə Cənin şəhərində öldürülən ravvin Raziel Şevaxın qətlində şübhəli bilinən fələstinlini güllələyib.
Qarşıdurma nəticəsində həmçinin 2 İsrail hərbçisi və 1 fələstinli yaralanıb.
Ölən fələstinli 2002-ci ildə İsrail hərbçiləri tərəfindən öldürülən HƏMAS qruplaşmasının liderlərindən biri Nəsir Cərarın oğlu Əhməd Cərardır. Bölgədə İsrail ordusunun əməliyyatı davam edir.
Bu arada İsrailin baş naziri Benyamin Netanyahu ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini bəyan edib.
Benyamin Netanyahunun fikirlərini şərh edən ABŞ prezidenti Donald Tramp isə "Reuters"ə müsahibəsində ölkəsinin səfirliyinin Qüdsə köçürülməsinin bu il baş tutmayacağını deyib: "Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir".
Bundan əvvəl dövlət katibi Reks Tillerson da səfirliyin Qüdsə köçürülməsinə bir ildən çox vaxt tələb olunacağını bildirib.
Qeyd edək ki, ötən il dekabrın 6-da prezident Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin bu şəhərə köçürüləcəyini bildirib.