Məktəblərdə korrupsiyaya qarşı sistemli tədbirlər görüləcək - TƏHSİL NAZİRLİYİ
Təhsil Nazirliyinin ümumtəhsil məktəblərində həyata keçirəcəyi islahatların əsas prioritetləri açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirlikdə ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanıb. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir.
İslahatların çoxməqsədliliyinin onların eyni vaxtda və keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin mərhələdə yalnız Bakı şəhərinin məktəblərində keçiriləcək.
Təhsil Nazirliyi növbəti tədris ilində bəzi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunlara məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi, keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması, korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunması və digər məsələlər daxildir.