Ayətullahlar Ruhaniyə qarşı: "ƏHLİ-BEYT"Ə TOXUNMA!

İranın din xadimləri prezident Həsən Ruhaninin "Əhli-Beyt" imamları ilə bağlı açıqlamalarına etiraz  edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ayətullah Nəsir Məkarim Şirazi prezidentin islam müqəddəslərinin də tənqid oluna biləcəyi ilə bağlı fikirlərini şərh edərkən, bunun qəbuledilməz olduğunu və ölkə başçısı statusunda olan birinin belə bir fikir ifadə etməsinə təəssüfləndiyini bildirib.

 

Digər din xadimi, Ayətullah Misbah Yəzdi isə islam ölkəsindən dünyaya yönələn analoji mesajın yanlış olduğunu ifadə edib: "Xalqın müqəddəslərə və onların əmrlərinə itaət etməyə biləcəyini deyirlər. Üstəlik, bu sözlər islam ölkəsinin paytaxtından səslənir. Başa düşə bilmirəm, İmam Zaman ağa niyə gəlmir? O, bu adamlara daha nə qədər dözəcək, bilmirəm".

 

İranlı deputatlar da prezidentin fikirlərinə etiraz edib. Bir qrup deputat yazılı açıqlama yayaraq, xalqın mənəvi dəyərlərini məsxərəyə qoymağa son verilməsini tələb edib.

 

Bu arada İran prezidentinin administrasiyasından H. Ruhaninin fikirlərinin mətbuatda təhrif olunduğu bildirilib: "Prezident Həsən Ruhani xalqın imamların bilavasitə özünə yox, idarəçilik üsullarına etiraz etmək hüququnun olduğunu deyib. Lakin sonradan bu açıqlamalar siyasi məqsədlərlə yanlış yerə yozularaq mətbuatda yayımlanıb. Prezident imamlar barədə mənfi fikir söyləməyib".

Müəllif | Apa.Tv
Fərid Rəsulov