Rafiq Səməndərin "Şəhidlər" kitabı latın qrafikası ilə çap olunub

20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, eləcə də əlil olmuş şəxslərə dövlət tərəfindən müvafiq maddi yardımların göstərilməsi nəzərdə tutulur.

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

Onun sözlərinə görə, nazirlik üzrə müvafiq əmr olub və həmin əmrə əsasən 412 nəfər, o cümlədən 115 nəfər 20 Yanvar  şəhidinin ailəsi və 297 nəfər 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər üçün 60 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul olunub. Həmin vəsaitlər artıq qeyd etdiyim şəxslərin hesablarına köçürülüb.

 

Nazir bildirib ki, 20 Yanvar şəhidlərinin ailələri Azərbaycan prezidentinin müvafiq təqaüdü ilə  aylıq olaraq təmin olunurlar. Təqaüdün məbləği 300 manatdır. Bundan başqa, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərin aylıq Prezident təqaüdünün məbləği Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda gedən döyüşlərdə əlil olmuş şəxslərin təqaüdü ilə eyni məbləğdədir.

 

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərlərinin də iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səslənib. Tədbirdə 20 Yanvar şəhidlərindən bəhs edən və 27 il əvvəl kiril qrafikasında nəşr olunmuş “Şəhidlər” kitabı da nazirliyin dəstəyi ilə latın qrafikasında, həm də əlavə və düzəlişlərlə, daha təkmil şəkildə yenidən işıq üzü görüb. “Şəhidlər” kitabının müəllifi, yazıçı-publisist Rafiq Səməndər 1990-cı ilin yanvar hadisələrindən bəhs edib, 20 Yanvarın təkcə faciə günü deyil, tariximizin mübarizlik və qəhrəmanlıq səhifəsi də olduğunu qeyd edib: "1990-cı ildə düz şəhidlərin 40 çıxana qədər mən artıq kitabı yazıb hazır etmişdim. İndi şəhidlər haqqında yazmaq çox asandır. Ancaq sovet ordusu əli qumbaralı, tüfəngli əsgərlərinin nəzarəti altında onların şəhid etdikləri haqqında kitab yazmaq çox çətin idi".

 

  

Müəllif | Apa.Tv
Almaz Qasımova