DTX-nın Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidləri anılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək" mövzusunda tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbir 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunub.
DTX rəisinin müavini, general-mayor İlqar Musayev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, digər şəhər və rayonlarda keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu Azərbaycan xalqına qarşı kütləvi qırğınlar törədib: "Məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini məhv edib sarsıtmaq idi. Amma bu baş vermədi. Xalqımızın qəhrəman övladları şəhidlik zirvəsinə ucaldılar. Tarixə yeni-yeni qəhrəmanlıq, rəşadət, şücaət səhifələri yazıldı".
İ.Musayev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifə kimi qarşıya qoyub. "Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü hərbi yolla bərpa etmək gücündə olduğunu göstərdi", - deyə DTX-nın rəis müavini vurğulayıb.
Tədbirdə Azərbaycanın müstəqillik mübarizəsinə həsr olunmuş videofilm nümayiş olunub.
Tədbir çıxışlarla başa çatıb.