Hövsandan Əhmədliyə gedən marşrut avtobusu qəza törədib

Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Zığ yolu şossesində qeydə alınıb.

Məlumata görə, Rüstəmov Kənan Vaqif oğlu idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə Hövsan qəsəbəsindən Nobel prospekti istiqamətində hərəkətdə olan zaman avtomobilin təkərində nasazlıq yaranıb. Sürücü avtomobili yolun sağ hissəsində saxlamaq istəyərkən Muxtarov Baba Adil oğlunun 132 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu sərt döngələrin birində zərblə ona çırpılıb. Zərbənin təsirindən minik maşınına ziyan dəysə də, xəsarət alan olmayıb.

Qeyd edək ki, sərnişin avtobusu Hövsan-Əhmədli marşrutu üzrə hərəkət edirmiş. Qəza baş verən zaman avtobusda sərnişinlər də olub. Ancaq onların arasında xəsarət halı qeydə alınmayıb.

Yol qəzasının təfərrüatlarını Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsinin müfəttişləri araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv