Azərbaycan və Ermənistan xarici işlər nazirləri Polşada görüşdü
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş olub. APA TV-nin məlumatına görə, ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.
Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakovda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların 6 saata yaxın davam etdiyini qeyd edib: "İlk əvvəl mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüş başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm".
Nazir bildirib ki, görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: "Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir", - deyə XİN rəhbəri bildirib.