Türkiyə və Rusiya generalları görüşdü - MOSKVADA "AFRİN ƏMƏLİYYATI" MÜZAKİRƏSİ

Moskvaya səfər edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş olub.


APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşlərdə Türkiyənin Suriyanın Afrin bölgəsində planlaşdırdığı hərbi əməliyyatın detalları gündəmə gətirilib.


Əsas müzakirə Türkiyə hərbi aviasiyasının Suriyanın hava sahəsindən istifadə istəyi ətrafında aparılıb. Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyindən Türkiyə təyyarələrinin ölkə səmasını pozacağı təqdirdə onların vurulacağı barədə xəbərdarlıq edilib. Bundan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin sözü gedən məsələ ilə bağlı Rusiya və İranla danışıqlar apardığını deyib.


Bu arada Moskvada Rusiya ilə razılaşmanın baş tutmayacağı təqdirdə Türkiyənin ikinci bir planının olduğu açıqlanıb. Türkiyə qırıcıları Suriya hava sahəsinə girmədən terror hədəflərini lazer silahları ilə vura bilər. F-16-ların həmin silahla Suriya sərhədinin 50 kilometr dərinliyindəki terrorçu mövqelərinə dəqiq zərbə endirmək imkanları var.

Müəllif | Apa.Tv
Elvin Bayramlı