ABŞ: Türkiyə PYD ilə yox, İŞİD-lə mübarizə aparmalıdır
ABŞ Afrində hərbi əməliyyat keçirməyi planlaşdıran Türkiyəni bu addımdan çəkinməyə çağırıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Hizer Nauert Afrinin koalisiyanın əməliyyat keçirdiyi əraziyə daxil olmadığını bildirib.
"Türkiyəni qərarından vaz keçməyə dəvət edirik. Şimali İraqdakı müstəqillik referendumu öncəsində iraqlı kürdlərə söylədiyimiz kimi - hər kəsin diqqəti İŞİD-lə mübarizəyə istiqamətlənməlidir. Dolayısı ilə türklərin şiddətə müraciət etmək yerinə İŞİD-lə mübarizə aparmasını istəyirik" - deyə, açıqlamada deyilir.
Nauert ABŞ-ın Suriyada "sərhəd qüvvələri" yaratması barədə məsələyə də münasibət bildirib. Əsas olan "sərhəd qüvvələri" deyil, "daxili təhlükəsizlik qüvvələridir" deyən sözçü, açıqlamanın yanlış anlaşıldığını qeyd edib: "Ad çəkməyəcəyəm, amma bəllidir ki, biriləri siyasəti və işləri səhv salıb. Hər kəs səhv edə bilər".
Xatırladaq ki, yanvarın 14-də ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyanın sözçüsü Ryan Dillon Suriyada "sərhəd qüvvələri" qurduqlarını açıqlamışdı.
Bu arada Afrinə nəzarət edən PYD/YPG silahlıları Azad Suriya Ordusunun nəzarətində olan Azez qəsəbəsində yerləşən iki xəstəxananı top atəşinə tutub. Səhiyyə ocaqlarından biri psixiatriya xəstəxanası, digəri doğum evidir. Psixiatriya xəstəxanasında 4-ü ağır, 12 nəfər yaralanıb, binaya ciddi zərər dəyib. Yaralılar başqa xəstəxanalara göndərilib. Doğum evində ölən və yaralanan olmayıb, mərmilər xəstəxananın yanına düşüb.