Şamaxıda dəhşət: qonşusunu öldürdü, arvadını yaraladı - UŞAQLARIN GÖZÜ ÖNÜNDƏ
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb.
Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı "TOZ-16" markalı ov tüfəgindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyevi güllələyib. Zaur Hacıyev aldığı ağır xəsarətlər səbəbindən Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisə zamanı qətlə yetirilən şəxsin həyat yoldaşı da güllə yaraları alıb.
Rayon sakinlərinin məlumatına görə, Natiq Binyətov qonşusu Zaur Hacıyevi həyat yoldaşının və 4 azyaşlı uşağının gözü qarşısında güllələyib. Zaur Hacıyevin həyat yoldaşı Dürdanə Hacıyeva münaqişəyə müdaxilə edib, onları sakitləşdirməyə çalışarkən tüfəngdən açılan atəş zamanı əlindən, qolundan və ayağından güllə yaraları alıb.
Qətli törədən və qətlə yetirilən şəxs Acıdərə kəndinin ərazisində yerləşən qonşu
fermaların çobanlarıdır. İnsidentə mal-qara oğurluğuna görə aralarında yaranan mübahisənin səbəb olduğu bildirilir.
Hadisəni törədən Natiq Binyətov Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. Hadisə yerindən nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.