Türkiyədən ABŞ-a cavab: Ruslar geri çəkiləcək, Afrinə girəcəyik
"Bölgədə təhlükə səviyyəsi gündən-günə daha da artığından Afrin əməliyyatının keçirilməsi qaçılmazdır. Bütün terror şəbəkələri məhv ediləcək".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirləri Türkiyənin müdafiə naziri Nurəddin Canikli bildirib. O deyib ki, hazırda əməliyyatın uğurla keçirilməsi istiqamətində bütün addımlar atılır:
"Bu əməliyyat Türkiyənin beynəlxalq normalar çərçivəsində ən təbii haqqıdır. Hazırda biz əməliyyatın keçirilmə şərtləri üzərində işləyirik. Əsas hədəfimiz PYD terror təşkilatının tamamilə məhv edilməsidir. Bilirsiniz ki, PYD-yə ən güclü silah yardımını ABŞ həyata keçirir".
Rusiya ilə Türkiyənin Afrin müzakirələrinə də toxunan N. Canikli bildirib ki, əldə olunan razılığa əsasən Rusiya bölgədəki hərbi qüvvələrini geri çəkəcək.
Müdafiə naziri ABŞ Dövlət Departamenti sözçüsüsün Afrin açıqlamasına da münasibət bildirib:
"İŞİD tamamilə məhv edilib. ABŞ-ın bu terror qruplaşmasının hələ də mövcud olduğu istiqamətindəki iddiaları əslində rəsmi Vaşinqtonun Suriyadakı hərbi iştirakını daha da möhkəmləndirmək istədiyinin göstəricisidir".
N. Canikli qeyd edib ki, indiki şəraitdə dünya ictimaiyyətinin İŞİD-lə bağlı siyasi mövqelərini dəqiq müəyyən etməli olduğu istiqamətindəki fikirlər bu gün üçün tamamilə yalnışdır:
"İŞİD-in Suriya və İraq üçün törədə biləcəyi təhlükə aradan qaldırılıb. Bu, bir faktdır. Buna rəğmən hələ də hər kəsin İŞİD-lə mübarizəyə qoşulmalı olduğu ilə bağlı açıqlama tamamilə mənasızdır".