Bakıda 20 Yanvar hazırlıqları - REPORTAJ

Sabah 20 Yanvar faciəsinin 28-ci ildönümüdür. Azərbaycanın hər bir yerində olduğu kimi, paytaxt Bakıda da növbəti ildönümünə hazırlıqlar davam edir.

 

Əsas hazırlıqlardan biri "20 Yanvar" abidəsi ətrafında aparılır: "Bu gün səhər tezdən burdayıq. Abidənin qabağında gülləri düzülür. Sabah insanlar ziyarətə gələcək. Biz əlimizdən gələni edirik ki, onların ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin!"

 

20 Yanvar gecəsinin daha bir şahidi həmin gecənin adını daşıyan metronun "20 Yanvar" stansiyasıdır. Bu stansiyada hazırlıqlar gecə saatlarından başlayacaq. Vestibülün mərkəzi hissəsində Azərbaycan Respublikasının qərənfillərlə bəzədilmiş dövlət gerbi həkk olunacaq. Stansiyanın sütunlarında isə qərənfillərdən ornament yaradılacaq.  

 

Artıq 4-5 gündür ki, Şəhidlər Xiyabanında da hazırlıqlar davam etdirilir. Bütün səkilər, işıq dirəkləri tər qərənfillərlə bəzədilib. Xiyabanın girəcəyində isə qərənfillərdən ibarət kompozisiyalar hazırlanıb.

 

Hazırlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Xiyaban şəhid qanı kimi al qırmızıya boyadılıb. Hazırda isə son tamamlama işləri aparılır. Azyaşlılar, məktəblilər və dövlət qurumlarının nümayəndələri sabahkı sıxlığı nəzərə alaraq, məhz bu gün şəhidləri ziyarət etməyə gəliblər: "Biz uşaqlarla bu gün ona görə gəlmişik ki, sabah sıxlıq yaşanacaq. Uşaqları vaxtaşırı şəhidlərimizlə bağlı məlumatlandırırıq. Bu gün biz yenə şəhidlərimizin ruhunun şad olması üçün xiyabana gəlmişik. Bu fikirləri çalışırıq ki, şagirdlərimizə aşılayaq. Şagirdlərimiz bu günü, heç olmasa, yaddan çıxarmasınlar. Bugünkü həyatımız onların qanı bahasına başa gəlib. Arzu edirik ki, bizim gənclərimiz azadlıq uğrunda şəhid olan qəhrəmanlar kimi böyüsünlər, dövlətə məhəbbət hissi yaransın". 

 

Xiyaban  təkcə azərbaycanlıların deyil, ölkəyə təşrif buyuran hər bir xarici vətəndaşın da ziyarətgah yeridir: "Mən çox qürur duydum ki, Azərbaycanda belə oğullar olub, onlar özlərini bu vətən üçün sipər ediblər. Baxıram, bayaqdan balaca uşaqlar gəlir ziyarət edir buranı. Onları maarifləndirirlər. Mən öz ölkəmdə bu barədə məlumat verəcəyəm".

 

Qeyd edək ki, yanvarın 20-də Bakıda keçiriləcək anım tədbirləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək: "Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək".

 

Vaqif Əsədov sürücülərdən bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edib. O qeyd edib ki, sabah 20 Yanvar  faciəsi qurbanlarını xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Yol polisi bununla bağlı işarə verən kimi bütün nəqliyyat vasitələri hərəkəti saxlamalı və fit verməlidir.

Müəllif | Apa.Tv
Almaz Qasımova