Hövsan-Türkan yolunda 3 avtomobil toqquşub - 6 YARALI

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Hövsan-Türkan yolunda qeydə alınıb.

Avtoqəza zamanı 3 nəqliyyat vasitəsi zəncirvari qəza törədib. Məlumata görə, ilk toqquşma "Ford" markalı avtomobilin sürücüsünün qəfildən əyləci sıxması nəticəsində olub. Bu vaxt arxadan gələn "Opel" markalı minik maşını zərblə ona çırpılıb. Ara məsafəsini qorumayan "Kia" markalı avtomobilin sürücüsü də qəzadan yayına bilməyib. Zəncirvari toqquşma zamanı "Ford" yaxınlıqdakı daş hasara da dəyib.

Avtoqəza nəticəsində 6 nəfər - 26 yaşlı Rəhimov Fariz Eynulla oğlu, 61 yaşlı Rəhimov Eynulla Yadulla oğlu, 20 yaşlı Rəhimova Aysel Ağamalı qızı, 39 yaşlı Məmmədov Eminağa Məmmədağa oğlu, 51 yaşlı Şahin Məmmədov və 54 yaşında Lada adlı şəxs xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Yol qəzasının təfərrüatlarını isə Suraxanı RPİ-nin istintaqçıları araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv