"Atəş səslərindən sonra xəstəxananın işıqları söndürüldü" - 20 YANVARIN HƏKİM ŞAHİDLƏRİ
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə "Qanlı Yanvar" faciəsi kimi həkk olunub.
APA TV-nin məlumatına görə, bu hadisələrin ağrı-acısı barədə nə qədər də çox yazılsa da, o faciəni öz gözləri ilə görmüş insanlardan yaxşı kimsə təsvir edə bilməz.
Həmin gecə tibb işçiləri böyük fədakarlıq göstərərək, SSRİ-nin qətliam maşınının qurbanı olan yaralılara yardım göstərir, onların həyatını xilas etməyə çalışırdı. Nəticədə öz peşə borcunu yerinə yetirən tibb işçiləri də gülləyə tuş gəlmiş, hətta yaralıları xəstəxanalara çatdıran təcili tibbi yardım maşını belə atəşə tutulmuşdu.
Respublika Klinik Xəstəxanasının travmatoloqu Natiq Əliyev məhz o dəhşətli gecəni yaşayanlardan biridir. Yanvarın 19-dan 20-nə keçən gecə Natiq həkim II növbədə, işinin başında olub. Deyir ki, o günlərdə xalqımız mübariz ruhda olsa da, heç kim Moskvada belə bir faciə planının cızılacağını ağlına gətirməyib: "Gecə radələrində atəş səsləri eşidilməyə başladı. Xəstəxananın yaxınlığında olduğu üçün biz daha aydın eşidirdik. Bir neçə saatlıq işıqlar söndürüldü. Bunun özü insanlar arasında müəyyən vahimə yaratdı. Respublikada o vaxta qədər heç kəsin başına belə bir gəlməmişdi. Güllə yarası nədir, insanların güllələnməsi nədir? Belə bir şey təsəvvürdə yox idi. Təbii ki, bu, insanlar arasında müəyyən bir çaşqınlıq yaratmışdı. Güllə səsləri açılanda xəstələri ən yaxın məsafə olduğu üçün bizim xəstəxanaya gətirirdilər".
Həkim deyir ki, həmin andan etibarən xəstəxananın tibbi briqadası səfərbər olaraq peşə borcunu yerinə yetirməyə, yaralılara yardım göstərməyə başladı. Natiq Əliyev tibb müəssisəsinin işıqları söndürüldükdən sonra əhalinin bütün mümkün vasitələrlə onlara köməyə gəldiyini də xatırlayır. Deyir ki, insanlarda vahimə ilə yanaşı, SSRİ-nin paytaxtı olan Moskvanın ölkəyə yardım edəcəyinə inam da vardı - 20 Yanvar faciəsinədək: "İnam var idi ki, Moskva SSRİ-nin paytaxtı olaraq bizə də Dağlıq Qarabağ məsələsi ilə, insanların azadlığı ilə bağlı etibar, inam əlini uzadacaq. Amma 20 Yanvar hadisəsi bu inanca nöqtə qoydu".
20 Yanvar faciəsinin canlı şahidlərindən biri də Azərbaycan Tibb Universitetinin professoru Fariz Camalovdur: "Ən çox gətirilən yaralılar iriçaplı silahlardan, qarın boşluğundan, döş qəfəsindən, başın silah yaralanmalarından idi. Eyni zamanda bunlar o qədər azğınlaşmışdılar ki, onlar bizim Andrey adlı iş yoldaşımızı təcili yardım maşınında güllələmişdilər yaralıya yardım edərkən. Onlar o qədər azğınlaşmışdır ki, baxmırdılar bu həkimdir, yaralıya yardım edir. Onların hər birini güllələmişdilər. Hətta təsadüfən balkona çıxan Qəlbinur Kərimov güllə atəşinə tutulmuşdu. Qarın boşluğunda çoxlu yaralar əmələ gəlmişdi. Faiq müəllimin rəhbərliyi altında biz onu əməliyyat etdik, ay yarım bizim nəzarətimiz altında müalicə aldı".
Fariz Camalov deyir ki, faciənin baş verdiyi gecə tibb heyəti həyatlarına olan təhlükədən bir an belə qorxmadan öz peşə borcunu layiqincə yerinə yetirib. Təcili yardım avtomobilinin atəşə tutulması nəticəsində həkim Aleksandr Marxevka aldığı güllə yarasından həlak olub.
Professor hesab edir ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda şanlı qəhrəmanlıq dastanıdır.
Allah şəhidlərimizə rəhmət eləsin!