Türkiyə səfiri: "Hrant Dinkin anım mərasimində "Sarı gəlin"in səsləndirilməsi..."

"28 il bundan əvvəl Bakıda tarixin ən qanlı faciələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq keçib. Biz bu acını ürəyimizdə hiss edirik".

 

APATV-nİn xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

Səfir bildirib ki, şəhidlər inandıqları uğrunda həyatlarından keçiblər: "Onlar Azərbaycanın müstəqilliyinin yolunu açdılar. 20 Yanvar tarixində insanlığa qarşı günah işlənib. Üzərimizə düşən məsuliyyət onların xatirəsini yad etmək, keçmişdən dərs alaraq bu hadisələrin təkrarlanmaması üçün çalışmaqdır. Yəni, düşmənlərimizin qarşısında hər zaman güclü olmalıyıq".

 

Səfir erməni jurnalist Hrant Dinkin anım mərasiminin Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında keçirilməsinə də toxunub. O, Kanal D-də yayımlanan həmin proqramı izləmədiyi üçün rəy verə bilməyəcəyini söyləyib: "Dinkin ölümü Türkiyədə hər kəsin reaksiyanına səbəb oldu. Kim olur olsun, heç kəs cinayətə qurban getməməlidir. Anım mərasimlərində duyğusal anlar yaşana, mərhum hörmətlə yad edilə bilər. Lakin mütləq başqa dəyərlərə də hörmət etmək lazımdır. "Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir".

 

Qeyd edək ki, ötən gün on bir il əvvəl Türkiyədə öldürülmüş erməni qəzeti "Aqos"un erməni baş redaktoru Hrant Dinkin anım mərasimi olub.

Anım mərasimi "Sarı gəlin" mahnısının sədaları altında keçirilib. Mərasimlə bağlı xəbər Kanal D-nin əsas xəbər buraxılışında yayımlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv