Azərbaycanın Bolqarıstandakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
APA TV-nin məlumatına görə, anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr və "Azərbaycanın Dostları" Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Səfir Nərgiz Qurbanova Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin tarixdə böyük faciələr və ağır itkilər bahasına başa gəldiyini, o cümlədən 20 yanvar tarixinin yaddaşlara həkk olunduğunu, bu tarixin xalqın istiqlal yolunun ilk zirvəsinə və milli məfkurəmizin azadlıq istəyinin oyanış gününə çevrildiyini vurğulayıb.
Diplomat 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsilli əsgər və zabitlərin də iştirak etdiyi SSRİ Müdafiə Nazirliyinin bölmələri, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ DTK-nın "Alfa" qrupunun üzvləri tərəfindən mülki əhalinin gülləbaran edildiyini vurğulayıb. Bakının xüsusi qəddarlıqla zəbt olunduğu, hərbi hücum nəticəsində 147 nəfər Azərbaycan vətəndaşının öldürüldüyü, 744 nəfərin yaralandığı, 841 nəfərin isə əsassız həbs olunduğu barədə iştirakçılara məlumat verilib.
Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkar aksiya ilə Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədinin güdüldüyünü ifadə edən diplomat bu zaman insan hüquqlarına dair bir çox beynəlxalq öhdəliklərin, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarının kobudcasına pozulduğunu iştirakçıların diqqətinə çatdırıb.
Sonra şəhidlərin şücaətini təcəssüm etdirən film nümayiş olunub.