Şamaxıda ər-arvadı döyüb, evdən külli miqdarda pul apardılar - "MASKALI DƏSTƏ" ƏLƏ KEÇDİ

Şamaxıda quldurluq hadisəsi törədilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, yanvarın 19-da Şamaxı Rayon Polis Şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın öz evində quldurluğa məruz qalması barədə məlumat daxil olub.

 

Dərhal əməliyyat qrupu hadisə yerinə gəlib. Araşdırmalar zamanı məlum olub ki, saat 3:00 radələrində Gülbar Novruzovun evinə girmiş 5 maskalı şəxs onun və arvadı Gülgəz Novruzovanın əl-ayaqlarını yapışqanlı lentlə bağlayıb, onları döyərək evdən 12000 manat, 3000 ABŞ dolları və 100000 rubl aparıblar. Hadisəni törətməkdə şübhəli bilinənlər müəyyən edilib. Həmin şəxslərdən 4-ü "isti izlər"lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıb: "Araşdırmalar zamanı onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev və Kənan Səfərov olmaları müəyyən edilib".

 

Evə basqın zamanı döyülərək xəsarət alan Gülbar Novruzov  və onun həyat yoldaşı Gülgəz Novruzova müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılıb: "Kişinin başında travma var. İki ədəd böyük yara açılıb. Arvadın bədənin əksər hissəsi qançırdır, amansızlıqla döyülüblər".

 

Faktla əlaqədar Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv