Cəlilabad sakinini ot bağlamasının arasında gizlənən ilan sancdı
Cəlilabadda qadını ilan sancıb. APA TV-nin cənub bürosu xəbər verir ki, hadisə rayonun Hacıcavad kəndində qeydə alınıb.
Kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istəyərkən bağlamanın arasında olan ilan onun sol əl nahiyəsindən sancıb. Zərərçəkənin sözlərinə görə, o əvvəlcə bunun arı olduğunu düşünüb. Daha sonra ot bağlamasının arasında sürünəni gördükdən sonra vəziyyətin ciddiliyi məlum olub.
Qadın yaxınları tərəfindən kəndin həkim məntəqəsinə, oradan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub və digər tədbirlər görülüb.
Hazırda xəstənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.