Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. APA TV-nin Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb.
Nəticədə ikisi ağır olmaqla, 46 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olan suriyalı mühacir isə ölüb. Məlumata görə, Türkiyə hərbi aviasiyası terrorçuların mövqelərinə zərbələr endirib.
Afrindən atılan 4 raket isə Türkiyənin Kilis şəhərinə düşüb. Mərmilər Əkrəm Çətin və Barış məhəllələrindəki dörd evə təsadüf edib. Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatları üçün təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. Dünən isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
Suriyada "Fərat" qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif Azad Suriya ordusunun hücumu başlayıb. Azad Suriya Ordusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir. Gün ərzində 3 kənd terrorçulardan təmizlənib.