Rusiya-Səudiyyə işbirliyi qiymətləri artırır - ABŞ NEFTİN BAHALAŞMASINA MANE OLACAQMI?
Dünya bazarında 3 illik rekordu yeniləyən neftin qiymətlərində başlayan ucuzlaşma dayanıb.
APA TV-nin məlumatına görə, Rusiyanın enerji naziri Aleksandr Novak səudiyyəli həmkarı Xalid Əl-Falih ilə birgə açıqlamasında Rusiyanın OPEK-lə istehsalın azaldılması ilə bağlı mövcud anlaşmanın sona çatmasından sonra da əməkdaşlığa hazır olduğunu deyib. Qarşı tərəf də bununla razılaşıb. Bununla belə, nazirlərdən heç biri müqavilənin 2019-cu ilə qədər davam edəcəyini söyləməyib.
ABŞ-da fəal neft quyularının sayı bu həftə azalıb. Bu ölkədə işlək quyuların sayı azalsa da, istehsalda bu proses getmir, hətta ötən həftələrdə artım qeydə alınmışdı. Mütəxəssislər OPEK və Rusiya başda olmaqla bir neçə neft ölkəsinin istehsalı azaltmaqla bağlı razılaşmasının qiymətlərə öz təsirini göstərdiyini bildirir. Bunun sayəsində qiymətlər il ərzində yüksək olacaq.
"OPEK-in razılaşmaya əməl etməsi mükəmməldir. Bahalaşmanın davam etməsinə yeganə əngəl ABŞ neft istehsalçılarının yüksələn qiymətlərə reaksiya verərək istehsalı artırmasıdır" - deyə, analitik David Lennox bildirib.
Hazırda "Brent" markalı neft 68,78 dollardan təklif olunur. Qərbi Texas nefti isə 63,42 dollardan satılır. Bu qiymətlər təxminən həftənin son satışlarındakı qiymətlərlə eynidir.