Dünya mətbuatı Afrin əməliyyatını şərh edir: Türkiyə ABŞ-a meydan oxuyur

Pentaqon rəhbəri Türkiyənin Suriyanın Afrin bölgəsindən həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyənin önəmli NATO müttəfiqi olduğunu bildirən C.Mettis adı çəkilən ölkənin legitim təhlükəsizlik qayğılarının olduğunu vurğulayıb.

 

C.Mettis əməliyyatdan əvvəl Türkiyənin ABŞ-ı məlumatlandırdığını söyləyib: "Türkiyə açıq davrandı və hava əməliyyatından öncə bizi xəbərdar etdi".

 

Nazir bölgədəki ABŞ hərbçilərinin təhlükədə olmadığını da əlavə edib.


Bundan öncə isə ABŞ Dövlət Departamentindən Türkiyəyə Afrin əməliyyatına başlamaması tövsiyə edilmiş və Türkiyənin PYD-yə qarşı deyil, İŞİD-ə qarşı mübarizə aparmalı olduğu vurğulanmışdı.

 

Afrin əməliyyatına dünya mətbuatı da səhifələrində geniş yer ayırıb. "The Washington Post" qəzeti hərbi hərəkatı Türkiyənin ABŞ-a meydan oxuması kimi xarakterizə edib, bunun Suriyanın şimalındakı qruplaşmaları dəstəkləyən qüvvələr arasında qarşıdurma yaradacağını ehtimal edib.

 

"The New York Times" isə ABŞ-ın xəbərdarlıqlarına rəğmən prezident Rəcəb Tayyib Ərdoğanın ölkəsi üçün təhlükə törədə biləcək qruplaşmaları məhv etməkdə qərarlı olduğunu bildirib.

 

"Financial Times" Suriya müharibəsində yeni cəbhələrin açılmasının Türkiyənin ABŞ-la münasibətlərində gərginlik yaradacağına diqqət çəkib.

 

"The Guardian" və "Daily Mail" qəzetlərinin də əməliyyata yanaşması maraq doğurub. Hər iki yazının müəllifi əməliyyatın başlanması ilə Türkiyə prezidentinin YPG-nin Afrindən tamamilə təmizlənəcəyi ilə bağlı vədini yerinə yetirdiyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv