Dünyanın sərvəti 1 faiz insanın əlində cəmləşib - ARAŞDIRMA
"Dünyanın malik olduğu ümumi sərvətlərin 82 faizi əhalinin yalnız 1 faizində cəmləşib".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə açıqlanan ənənəvi illik hesabatda bildirilir. Sənəddə vurğulanır ki, dünyanın iqtisadi kursunu müəyyənləşdirən iri korporasiyaların sahibləri ötən dövr ərzində daha da zənginləşib, fəhlə və kəndli sinfində yoxsulluğun səviyyəsi isə artıb.
Hesabatda həmçinin planetin 3,7 milyard əhalisinin iqtisadi durumunda heç bir dəyişikliyin olmadığı göstərilib. 2010-cu ildən cari ilədək milyarderlərin sərvəti ümumilikdə 13 faiz artıb ki, bu da fəhlə təbəqəsinin ümumi gəlirindən altı dəfə çoxdur.
Sənədin müəllifləri zənginlərin sərvətindəki artımın fəhlə təbəqəsindən olanların gəlirlərinin sürətlə azalması hesabına reallaşdığını, bu faktorun da iri biznes sahələrinə, eləcə də hökumətlərdə qərarların qəbuluna təsir göstərdiyini bildirib.
"Milyarderlərin sayının artması iqtisadi artım yox, ümumilikdə iqtisadiyyat sisteminin iflasa uğraması deməkdir. ABŞ və bu kimi inkişaf etmiş ölkələrdə insanlar istismar edilir. Vyetnamdakı tikiş fabriklərində işləyən qadınlar aylarla övladlarını görə bilmir, ABŞ-da quşçuluq fabriklərinin qadın əməkdaşları isə işə uşaq bezlərində gəlməyə məcbur edilirlər" - deyə, hesabatda vurğulanır.
Beləliklə, dünyanın iri şirkətlərinin sahibləri fəhlələrin əməyindən istifadə edərək hər il maksimum 426 milyard dollar gəlir əldə edir. Onların sahibləri arasında Bill Geyts, Uorren Baffett və Mark Zukerberqin adları var. Bu şəxslərin əməyin istismarından əldə etdiyi illik gəlirin ümumi məbləği 181 milyard dollar təşkil edir.