21 nəfərlik ailə köçürülmədən xilas oldu - APA TV-NİN ARAŞDIRMASI NƏTİCƏ VERDİ
Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi-30 ünvanında məskunlaşan məcburi köçkün ailələri çox acınacaqlı durumda yaşayır. Əslən Şuşa və Xocalıdan olan məcburi köçkünlərin yaşadıqları birmərtəbəli binanın dam örtüyü yox vəziyyətindədir. Divarlarda yaranmış dərin çatlar, tavan və döşəmənin qəzalı vəziyyəti isə göz qabağındadır.
Ramis Rəhimovun 5 övladı var. Övladları, nəvə və gəlinləri də daxil olmaqla 21 nəfərdən ibarət ailə 1996-cı ildən burada məskunlaşıb. Onun sözlərinə görə, yaşadıqları ev və ərazi vaxtilə boş və yararsız durumda olsa da, ailə öz vəsaiti hesabına zamanla kosmetik də olsa, təmir işləri aparıb. Amma illər ötdükcə ev yararsız hala düşüb. İndi ailənin nə gedəcək yeri, nə də üz tutacaqları ünvan yoxdur. Səbəb isə binanın özəlləşdirilməsidir: "Yaşadığımız bu evin üstünü açıblar, uçuq vəziyyətdədir. 2017-ci ilin sentyabr ayından yaşadığımız bu evə mavi yanacağın verilişi də dayandırılıb. Müraciət etmədiyim idarə qalmayıb, özünüz də sənədlərin surətini gördünüz. Bütün bunlara baxmayaraq, bizi məhkəməyə veriblər ki, məskunlaşdığımız bu ərazini tərk edək. Biz bura 1996-cı ildə gəlmişik. 2000-ci ildən özəlləşdirilib. İndi də bizi çıxarıb çölə atırlar. Nə yaşamağa şərait yaradırlar, nə də köçürürlər".
Ramis dayı deyir ki, məskunlaşdıqları ərazi bir vaxtlar Dövlət Dəmir Yolu İdarəsinin balansında olub: "Amma buranı özəlləşdiriblər. İş adamıdır özəlləşdirən. Məhkəmə qərarını da göstərdim sizə, icradan da bizə 10 gün möhlət veriblər ki, burdan köçək. Mən 21 nəfərlik ailə üzvlərimlə hara köçüm, hara yığım bu adamları? Heç bir imkanım yoxdur. Müharibə iştirakçısıyam. Pensionerəm, işləmirəm. Övladlarım da işləmir. Gündüzlər gedib hardasa fəhləlik edib yük daşıyırlar".
Ailənin yaşamağa yeri yoxdur. Məhkəmə qətnaməsinin icrasına da çox az zaman qalıb: "Bizə hələ heç kim yaxınlaşıb deməyib ki, gedin hardasa müvəqqəti də olsa, yaşayın. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Binəqədi İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm, cavab yoxdurqızım".
Araşdırdıq ki, Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 30-da yerləşən bu ərazi Dövlət Əmlak Komitəsinin 997 saylı 30 iyun 1998-ci il tarixli sərəncamına əsasən 781 saylı Tikinti Quraşdırma Qatarı Səhmdar Cəmiyyətə çevrilib. Bundan sonra özəlləşdirilmiş əmlakın bazasında "Kaspian-AM" MMC yaradılaraq, qeyd olunan ərazidə fəaliyyətə başlayıb. 7 yanvar 2003-cü il tarixdə həmin səhmdar cəmiyyət hərraca çıxarılıb və özəlləşdirilib, qanunvericiliyin tələblərinə əsasən DƏK-də qeydiyyata alınıb.
"Kaspian-AM" MMC isə məcburi köçkünlərin onlara məxsus olan qanuni ərazidən çıxarılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Səbəb kimi MMC-nin normal fəaliyyətinə maneçilik törədilməsi göstərilib. Məhkəmədən ailənin qeyri-yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilib.
Mübahisəli məsələyə Binəqədi rayon Məhkəməsində aydınlıq gətirilib. Məcburi köçkün ailəsinin 10 gün müddətinə ərazini tərk etməsi ilə məhkəmə qətnaməsi qüvvəyə minib.
Məhkəmənin İcra şöbəsinin icra məmuru, ikinci dərəcəli ədliyyə qulluqçusu Vüqar Alıyevlə telefon əlaqəsi saxlayıb qərarın icrası ilə maraqlandıq. Vüqar Alıyev bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin 24.08.2017 tarixdə icraatına daxil olmuş 2(0001) 3090/16 saylı 02.08.2017 tarixli icra sənədinə baxaraq müəyyən olunub ki, iş üzrə icraata başlanılsın.
APA TV-nin məsələyə müdaxiləsindən sonra məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə bu sahədə mövcud olan qanunvericiliyin tələbləri məhkəmənin diqqətinə çatdırılıb və mövcud qanunvericiliyə əsasən məcburi köçkünlərin başqa yaşayış sahəsi verilmədən çıxarılmasının yolverilməz olduğu qeyd edilib. Məhz bundan sonra Şuşa və Xocalıdan olan 21 nəfərlik ailənin məskunlaşdıqları ərazidən çıxarılması qərarının icrası müvəqqəti olaraq təxirə salınıb. Bu məsələdə məhkəmə orqanı ilə ümumi razılığa gəlinib. Azərbaycan prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamının 2-ci bəndinə əsasən aidiyyəti dövlət orqanlarına tapşırılıb ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və yaxud müvəqqəti yaşamaq məqsədilə tikilmiş yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.