Sofiyada Azərbaycan film gecəsi təşkil olunub
Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar Azərbaycan filmi gecəsi təşkil olunub.
APA TV-nin xəbərinə görə, tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyanın Kino Evində baş tutub.
Gecənin açılışında çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova 2018-ci ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 110, milli teatrımızın 145 və kinematoqrafiyamızın 120 illik yubileylərinin qeyd olunduğunu bildirib. O əlavə edib ki, səfirlik il ərzində bu əlamətdar tarixləri bolqar tərəfdaşlarla birgə müxtəlif tədbirlər vasitəsilə qeyd edəcək. Səfir son illər istehsal olunan 13 Azərbaycan filminin 20 ölkədə keçirilən 38 festivalda iştirak etdiyini və 20 mükafata layiq görüldüyünü xüsusilə qeyd edib.
Sonra rejissor İlqar Nəcəfin “Nar bağı” filmi nümayiş olunub və izləyicilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, MENAR Film Festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. Ötən il ölkəmiz sözügedən festivalda “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri ilə təmsil olunub.