İlkər Başbuğ: “ABŞ-la Rusiya arasında Türkiyə əleyhinə gizli sövdələşmə var”
“Ötən ilin oktyabrında İdlib əməliyyatı keçirilmişdi. Türkiyənin o vaxtdan Afrinə girməyə hazırlaşdığını düşünürəm. Amma uzun müddət keçsə də, Afrində əməliyyat gerçəkləşmədi. Dekabrın sonlarında Suriya ordusu İdlibə girməyə başladı. O andan etibarən Türkiyə üçün Afrində əməliyyata başlamaq zərurət və məcburiyyət oldu”.
APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ “Zeytun budağı” əməliyyatını belə şərh edib.
Başbuğ ABŞ və Rusiyanın Suriya məsələsində gizli razılaşma əldə etdiyini düşünür: “İndiki mənzərə göstərir ki, ABŞ-la Rusiya arasında Fəratın şərqi Rusiya və Suriya hökumətinin, qərbi isə ABŞ və təbii ki YPG-nin nəzarətində qalması barədə razılaşma var. Yada salaq, 2016-cı ilin avqustunda Türkiyə Fərat qalxanı əməliyyatına start verdi, eyni anda Suriya Hələbdə əməliyyata başladı. Türkiyə Afrin əməliyyatına başlayan kimi Suriya ordusu İdlibə girməyə çalışır. Bəzi əməliyyatlarda Rusiya Əsəd hökumətini Fıratın qərbi ilə bağlı yola gətirməyə çalışır. Yəni Rusiya YPG kartını ABŞ-a güzəştə getmək istəmir. Ruslar hətta bir ara Astanada kürdlərə mədəni muxtariyyət verə biləcəklərini dilə gətirdilər”.
İlkər Başbuğ deyib ki, “Fərat qalxanı” əməliyyatı zamanı Türkiyə ordusunun Afrinə girməsinə ruslar mane olublar: “Fərat qalxanı əməliyyatı başlayanda Afrinə girəcəyimizi deyirdilər. Lakin Afrinə girmək üçün şərqdə yerləşən Tel Rıfatdan keçməlisən. Ruslar dərhal Tel Rıfata hərbi kontingent yerləşdirdilər, dolayı yolla Türkiyənin Afrinə girməsinə mane oldular”.
Sabiq Baş Qərargah rəisi əlavə edib ki, Türkiyənin İdlib əməliyyatından sonra Afrinə girə bilməməsi Moskvanın buna razılıq verməməsi olub: “Buna görə də Türkiyə haqlı olaraq Rusiyadan incikdir. Dekabrın 27-də Türkiyə prezidentinin “Əsəd terrorçudur” deməsi təsadüfi deyil. Çünki İdlibdə atəşkəs rejimi mövcud olsa da, Suriya dekabrın 26-da buraya hərbi qüvvə yeritməyə başlamışdı”.
Başbuğ Afrində 740 min nəfərin yaşadığını, onların 60 faizinin ərəb olduğunu xatırladıb: “Orada 8 min YPG terrorçusu olduğu deyilir. Menbiçdən də əlavə qüvvələr gəlir. 300-ə yaxın rus əsgəri var. Ağır silahları var. Afrin dağlıq bölgədir, PKK-nın illərdir mərkəz olaraq istifadə etdiyi yerdir. Afrin əməliyyatı çox çətin olacaq. Fərat qalxanı ilə müqayisə oluna bilməz, burada birbaşa YPG terrorçuları ilə üz-üzə döyüşəcəyik. Qəti şəkildə əminəm ki. Türkiyə Silahlı Qüvvələri üzərinə düşən vəzifəni yerinə yetirəcək”.
İlkər Başbuş Əlavə edib ki, Afrindən sonra Menbiçdə keçirilməsi planlaşdırılan əməliyyat daha çətin ola bilər: “Bu, həm də siyasi baxımdan çətin əməliyyatdır, çünki Menbiçdə ABŞ, Rusiya və Suriya əsgərləri var”.