Qaxda canavarlar fermaya hücum etdi - 37 QOYUN TƏLƏF OLDU

Qaxda canavarlar fermaya hücum edərək, sahibkara məxsus xeyli sayda xırdabuynuzlu heyvanları parçalayıb.


APA TV-nin  məlumatına görə, hadisə yanvarın 20-də gecə saat 3-4 radələrində rayonun Şotavar kənd inzibati ərazisindəki fermada baş verib.


Xırdabuynuzlu heyvanların sahibi, Şotavar kənd sakini Bayram Salavat oğlu Nadirovun qardaşı Namiq Nadirovun sözlərinə görə, sürü halında olan canavarlar gecə saatlarında qoyunların saxlandığı dama hücum edərək, 60 baş qoyundan 26-nı parçalayaraq öldürüb, 14 baş qoyunu isə ölümcül yaralayıb.

 

Qax rayon Baytarlıq Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib, ərazidə lazımi dezinfeksiya işləri aparılıb. Baytar həkimlərinin tövsiyəsi ilə canavarların yaraladığı 14 baş qoyundan 11-nin vəziyyəti pis olduğundan, kəsilərək öldürülmüş qoyunlarla birlikdə fermanın yaxınlığında qazılan quyuda təlimata uyğun basdırılıb. Namiq Nadirovun sözlərinə görə, canavarlar vaxtaşırı qonşu kəndlərdə daxil olmaqla təsərrüfatlara hücum edərək sakinlərə ziyan vururlar.

Müəllif | Apa.Tv
Vüqar Heydərov