Bahar Muradova: "Heç bir sosial partlayış gözlənmir"
"Ehtiyacı olan təbəqənin maraqlarının təmin edilməsi ilə bağlı Azərbaycan hökuməti addımlar atıb".
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda yanacağın qiymətinin artmasının sosial partlayışa səbəb olacağı barədə səslənən fikirlərə münasibət bildirirkən deyib. Onun sözlərinə görə, hökumət nə etməli olduğunu çox gözəl bilir, zaman-zaman da bunu sübut edib: "Mən hökumətimizə inanıram və hər bir Azərbaycan vətəndaşına bu inamı təlqin edərək demək istəyirəm ki, heç nədən narahat olmasınlar. Bizi heç bir sosial partlayış, gərginlik gözləmir. Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün çox ciddi addımlar atacaq”.
Bahar Muradova Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana nəzərdə tutulan səfərinə də münasibət bildirib: "Mən əminəm ki, Davudoğlunun bu səfərində Ermənistan-Türkiyə münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi çox ciddi müzakirə olunacaq. Türkiyə bir daha həm Azərbaycanın mövqeyini, həm də bu məsələdə Azərbaycanın yanında olduğunu bir daha bəyan edəcək".
Millət vəkili deyib ki, Türkiyənin yeritdiyi siyasət, açıqladığı rəsmi mövqe ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan ərazilərindən qoşunların çıxarılması və ərazilərin azad olunmasından başlayır.