Siqaret, spirtli içki və benzinin aksiz vergisi QALXDI
Bu gündən etibarən Azərbaycana gətirilən tütün və tütün məmulatlarına, pivə və alkoqollu içkilərə, həmçinin mühərrik benzin növlərinə yeni aksiz dərəcələri tətbiq edilir. APA TV-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Keçən il dekabrın 21-də dərc olunmuş qərar yanvarın 23-dən qüvvəyə minir. Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.
Pivə və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri də artıb. Dəyişikliyə əsasən yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərablarna aksiz dərəcəsi 1 litr üçün 2 manatdan 3,5 manata, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqlarına 1 litr üçün 2 manatdan 3.5 manata, denaturasiya olunmamış etil spirtinə (80 həcm % və ya çox spirt qatılığı ilə) 1 litr üçün 2 manatdan 4 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaralar, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər, digər spirtli içkilərə 1 litr üçün 6 manatdan 10 manata, həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinə 1 litr üçün 2 manatdan 4 manata qaldırılıb.
Ölkəyə gətirilən mühərrik benzin növlərinə də bu gündən yeni aksiz dərəcələri tətbiq edilir. Qərara əsasən, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.