Lənkəranda 4 nəfəri amansızcasına döyən gənc: "QİSAS ALIRDIM"

Bir neçə gün öncə Lənkəran rayonunun Liman şəhəri ərazisində üç evə basqın edərək 4 nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan şəxs tutulub.

APA TV-nin cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olan məlumata əsasən, yanvar ayının 13 və 14-də Liman şəhərində 3 ünvana naməlum şəkildə basqın edilib. Hadisələr zamanı Liman şəhər sakinləri, 48 yaşlı Samirə Miriyeva, onun  anası 69 yaşlı Humay Qarayeva, həmçinin 16 yaşlı Heybət Abdullayev və 50 yaşlı Nəcəfqulu Həsənov yaşadıqları evdə döyülərək ciddi bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan S.Miriyeva başından aldığı çoxsaylı zərbələr səbəbindən xəstəxanada ölüb. Zərərçəkmişlərin ilkin ifadələri alınaraq hadisələri törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Onun Liman şəhər sakini, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Zeynalov Fərrux Sabir oğlu olduğu ortaya çıxıb.

Polis dərhal F.Zeynalovun barəsində axtarış elan edib və rayonun Şağlaser kəndi ərazisində şübhəli şəxs qismində saxlanılıb. O, polis şöbəsinə gətirilib. F.Zeynalov istintaqa verdiyi ilk ifadəsində döydüyü şəxslərlə ədavətli olduğunu və cinayətləri bilərəkdən törətdiyini bildirib. Onun kənddə digər qonşularla da mübahisəsi olubmuş.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv