Qiymətlər OPEK və ABŞ-ın təsiri altında - NEFT 70 DOLLAR CİVARINDA STABİLLƏŞİR
Birjalarda xam neftin qiyməti bahalaşıb.
APA TV-nin məlumatına görə, ötən həftə ABŞ-da ehtiyatların azalması güman olunur. "Bloomberg"in hesabatında bir həftə ərzində xam neft ehtiyatlarının 2,25 milyon barel azalacağı qeyd olunub.
Ehtimal bu gün açıqlanacaq rəsmi rəqəmlərlə təsdiqlənsə, qiymətlərə müsbət təsir edəcək. Qiymətlərin yüksək olması ABŞ-da qaya nefti istehsalını artırmağa münbit şərait yaradır. Ancaq mütəxəssislər sərmayəçilərin bu il yüksək qiymətlərin cazibəsindən qaçacağını və sərmayə xərclərini artırmayacağını bildirir. Bu da öz növbəsində ölkədə istehsalın yüksəlməsinə səbəb olmayacaq.
Liviyada isə neft istehsalı arta bilər. İki aydan çoxdur etirazlara görə bağlı olan neftlə zəngin Sara bölgəsinin təkrar fəaliyyətə başlaması gözlənilir.
ABŞ-da istehsalın artmaması ilə yanaşı OPEK ölkələrinin razılaşmaya ciddi əməl etməsi bahalaşmanı sürətləndirir. Hazırda "Brent" markalı neft 69,41 dollardan, Qərbi Texas nefti isə 63,98 dollardan satılır.