Qətərdən Türkiyəyə tam dəstək - "BU ƏMƏLİYYAT HAQQINIZ İDİ"
Qətər Türkiyənin Suriyada başladığı "Zeytun budağı" əməliyyatını dəstəklədiyini açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Lulva əl-Hatır Türkiyənin əməliyyatı ölkənin milli təhlükəsizliyi ilə bağlı qanuni narahatlığından dolayı və Suriyanın torpaq bütünlüyünün qorunması məqsədi ilə həyata keçirdiyini bildirib.
Açıqlamada Qətərin terror hücumlarına məruz qalan Türkiyənin milli təhlükəsizliyini qorumaq üçün atdığı addımlarını dəstəklədiyi, bu məsələyə beynəlxalq hüquqla zəmanət verildiyi qeyd olunub.
Hatır ölkəsinin Türkiyənin, mülki şəxslərin və Suriyanın torpaq bütünlüyünün qorunması məsələsində həssaslığına etibar etdiyini deyib.
Qeyd edək ki, Türkiyənin "Zeytun budağı" əməliyyatına dəstək verən ölkələr arasında Böyük Britaniya da var. Krallığın Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında "Türkiyənin öz sərhədlərinin təhlükəsizliyi məsələsində qanuni maraqlarını tanıyırıq" - deyə, qeyd olunub.