Pentaqon: "Zeytun budağı" əməliyyatı ilə bağlı Türkiyə ilə məsləhətləşmələr aparırıq
"Afrində PYD/YPG terror təşkilatına qarşı aparılan "Zeytun budağı" əməliyyatı və Ankaranın Suriya mövqeyi ətrafında Türkiyə ilə mütəmadi məsləhətləşmələr aparılır".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Pentaqon sözçüsü Adrian Rankin Qallouey verib. O, eyni zamanda bölgədə vəziyyətin stabilləşdirilməsi üçün Türkiyə ilə danışıqların davam etdiriləcəyini də vurğulayıb.
Bir qədər əvvəl dövlət katibi Reks Tillerson Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatından narahatlıq ifadə etməklə yanaşı, rəsmi Ankaranın ölkə vətəndaşlarının terror təhlükəsindən müdafiə hüququna hörmətlə yanaşdığını bildirib. O, eyni zamanda Suriyada təhlükəsiz bölgə yaradılması istiqamətində birgə fəaliyyət məsələsinin də nəzərdən keçirildiyini açıqlayıb.
Bu arada Ağ Ev sözçüsü Sara Sanders Türkiyəni Suriyadakı hərbi fəaliyyət və açıqlamalarında diqqətli olmağa çağırıb. O, bölgədə İŞİD-in məhvinin prioritet olduğunu, bu səbəbdən də toqquşmaların azaldılması, eləcə də dinc əhalinin qorunması məsələlərinin önə çəkilməsinin vacibliyinə işarə edib.
"İndi əsas məsələ dinc əhalinin müdafiəsidir. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını bölüşür və son dərəcə ciddi qəbul edirik. Biz NATO müttəfiqi olaraq Türkiyə ilə birgə fəaliyyəti davam etdirəcəyik. Biz Əsəd qüvvələrinin Afrinə dönməyəcəyinə əmin olmaq istəyirik" - deyə, S. Sanders bildirib.
Yeri gəlmişkən əməliyyatların 4-cü günündə Mark Endryu Qrin başda olmaqla, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri Rəqqaya sürpriz səfər edib. YPG-nin nəzarətində olan bölgəyə gedən Qrini Birləşmiş Qüvvələrin Komandanı Cozef Votel müşayiət edib.