Yay istirahətini qışda düşünənlər üçün REPORTAJ
Turizm şirkətləri yay mövsümü üçün erkən rezervasiyaları açıq elan edib. Bu isə yayda istirahətə getmək istəyənlərin büdcəsinə öz müsbət təsirini göstərir.
Ölkəmizdə tətil mədəniyyəti artıq formalaşdığı üçün ildən-ilə istirahətə vaxt ayıranların sayı da artır. Məhz bunu nəzərə alaraq hazırda erkən rezervasiyalar üçün hazırlanmış turpaketlərin qiymətləri ilə maraqlandıq.
Turizm şirkətinin direktoru Abbas Əliyev bildirib ki, indi alınan turpaketlərin qiyməti yay qiymətlərindən çox fərqlənir: "50-60 faizə yaxın endirimlərlə müştəriləri hotellər gözləyir. Erkən rezervasiya qiymətləri mövsümi qiymətlərdən hər zaman fərqlənir. Bu faiz qiyməti aydan-aya dəyişərək minimum 15 faizə qədər düşür. Hazırda yanvar ayının sonuna qədər 50 faiz, fevralın sonuna qədər 35 faiz endirimlər davam edir. May ayının ilk 10 gününə qədər davam edəcək. Əgər yay mövsümündə hər hansısa turu 3000 AZN-ə əldə edə biləcək turist indidən turizm şirkətlərinə müraciət etsə, bu turu 1800-2200 manat civarında endirimlə əldə edə bilər. Bir neçə il əvvəl bizim müştərilərimiz erkən rezervasiya qiymətlərinə inanmırdılarsa, son iki ildə yetərincə fərqi hiss edib öncədən müraciət edirlər".
Yuxarıda sadalanan qiymətlər iki nəfər üçün nəzərdə tutulub: "Bu, iki nəfər üçün Antalya bölgəsində 5 ulduzlu hotelin qiymətidir. Qiymətə daxildir - 8 gün 7 gecə, gediş-dönüş təyyarə bileti, transfer, sığorta, hotelin yemək sisteminə uyğun olaraq gündə 5 dəfə qidalanma. Məsələn, Avropaya yay mövsümündə 2000-2500 AZN-ə əldə olunacaq turu indi erkən rezervasiya ilə 1600-1700 manata əldə etmək olar. Bu qiymətə daxildir 7 gün 6 gecə gediş-dönüş təyyarə bileti, transfer, eyni zamanda viza rüsumu".
Əgər müştəri erkən rezervasiya zamanı əldə etdiyi turpaketi qaytarmaq istəsə, bu mümkündürmü? "Qayda olaraq erkən rezervasiya qiymətlərində aviabiletlər qaytarılmayan biletlər olur turistin seçdiyi kateqoriyaya uyğun. Məsələn, elə biletlər var ki, o biletləri uçuşuna 1 həftə qalmışa qədər müəyyən cərimə qaydalarını tətbiq etməklə geri qaytarmaq mümkündür. Amma erkən rezervasiyada müəyyən qaydalara uyğun qeyd olunubsa, təyyarə bileti dəyişilməyən qaytarılmayandır və bu artıq dəyişilməyən qanundur. Ancaq hotellərin dəyişdirilməsində biz müştərilərimizə hər zaman köməklik edirik".
Digər turizm şirkətinin direktoru Niyazi Ağalarov isə qeyd edib ki, yayda ölkə turistlərinin əksəriyyəti Türkiyənin müəyyən bölgələrinə üz tutur. Rəhbəri olduğu turizm şirkətində isə erkən rezervasiya üçün təyin olunmuş turpaketlərin qiymətləri 700 dollardan başlayır bölgəyə və keyfiyyətə görə qiymətlər fərqlənir: "Məsələn, sezon başlamadan 700 dollara dediyimiz hotel turpaketi sezon başlayanda 1000-1200 dollara gəlib çıxır. Bir də mümkündür ki, bir qismini indi ödəsinlər, geri qalanını tətillərinə qədərki müddətdə ödəyə də bilərlər. İlkin olaraq təxminən 30 faiz civarında ümumi məbləğin ödənilməsi lazımdır, geri qalan hissəsi tətilə 10 gün qalana qədər hissə-hissə ödənilə bilər".
İl boyu topladığımız gərginlikdən, yorğunluqdan uzaq olmaq üçün istirahət etmək vacibdir. Odur ki, yayda normal dincəlmək istəyirsinizsə, indidən bu şansdan yararlanın!