Dövlət Departamenti: "Rusiya ABŞ-Türkiyə münasibətlərini gərginləşdirmək istəyir"

"Rusiya ABŞ-la Türkiyənin münasibətlərini gərginləşdirməyə çalışır". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu iddia ilə Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert çıxış edib.


O, Suriyanın şimalında Türkiyənin start verdiyi "Zeytun budağı" əməliyyatını diqqətdə saxladıqlarını deyib: "Həmin bölgədə baş verənlərlə bağlı son dərəcə qayğılıyıq. Afrin daha əvvəl Suriyanın digər bölgələri ilə müqayisədə daha sakit ərazi idi, indi isə belə deyil".

Diplomat qeyd edib ki, baş verənlər dövlət katibi Reks Tillersonun diqqət dairəsindədir və o, türkiyəli həmkarı ilə iki dəfə üz-üzə görüşüb, bir dəfə isə telefon əlaqəsi saxlayıb. Nauert bildirib ki,Rusiyanın hadisələrlə bağlı bəyanatları NATO-da təmsil olunan iki ölkənin müttəfiqliyinə zərbə vurur.


"Biz gərginliyin daha da şiddətlənməsinin tərəfdarı deyilik" - deyə, ABŞ rəsmisi vurğulayıb. Nauert hadisələrin dinc sakinlərin bölgədən köçünə səbəb olacağını da sözlərinə əlavə edərək, bunu istəmədiklərini qeyd edib.


Bu arada Türkiyə prezidentinin mətbuat katibi "Zeytun budağı" əməliyyatının keçirilməsində Rusiya ilə heç bir gizli bazarlıq etmədiklərini bildirib. İbrahim Kalın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Donald Tramp arasında təmaslarda müzakirə olunacaq məsələləri açıqlayıb.


O qeyd edib ki, görüş qarşı tərəfin istəyidir: "ABŞ YPG-yə dəstəyi dayandırmalıdır. NATO müttəfiqi olaraq bu, Türkiyənin təhlükəsizliyi üçün önəmlidir. Suriyanın bölünməsindən söhbət belə gedə bilməz. Biz bütün terror qruplaşmalarının qonşu dövlətin ərazisindən silinməsini istəyirik və bu istiqamətdə mübarizəmiz sonuna qədər davam edəcək".


Kalın Suriya danışıqlarında kürd icmasını PYD/YPG terrorçularının təmsil etməsini qəbuledilməz adlandırıb: "Suriyada PYD/YPG üzvü olmayan kürdlər adı çəkilən xalqın nümayəndəsi deyilmi? Kürdlərə bu cür münasibətin göstərilməsinə də son qoyulmalıdır".


Türkiyə rəsmisi Əsəd rejimi ilə təmasa keçmədiklərini deyərək, ona təsir edə biləcək iki qüvvənin Rusiya və İran olduğunu xatırladıb: "Lakin bu o demək deyil ki, biz Əsəd məsələsində adı çəkilən ölkələrin fikirləri ilə razılaşacağıq. Suriyanın gələcəyi ilə bağlı qərarı Suriya xalqı verməlidir. Bizim düşüncəmizə görə isə öz xalqına zülm etmiş bir şəxsin bundan sonra da ölkəyə rəhbərlik etməsi düzgün deyil".

Müəllif | Apa.Tv
Fərid Rəsulov