Çəkilişdən 12 saat sonra vəfat edən İvonna nənənin son anları - REPORTAJ

73 il əvvəl azərbaycanlı partizan Şəmməd Şirməmmədova qoşularaq Azərbaycana gəlmişdi İvonna nənə. Fransanın cənubundakı La Fayet qəsəbəsindən İmişlinin Murğuzalılar kəndində gəlin köçmüşdü 17 yaşında. Amma Şəmmədlə bir yerdə çox yaşamamışdılar. Tez vəfat etmişdi əri.

 

1 yaşlı oğlu Rəfaeli də götürüb Fransaya getmək istəmişdi. Sovet hökuməti onu buraxmamışdı. “Oğlun sovet vətəndaşıdır, onu burada qoy, get” demişdilər. Bir yaşlı uşağa görə Azərbaycanı tərk etməmişdi. Sonra ikinci dəfə ailə qurmuşdu, bu izdivacdan bir neçə uşağı olmuşdu.  

 

Amma İvonna nənə bir də Fransaya 64 ildən sonra gedəcəkdi.

 

2011-ci ildə İvonna nənənin həyat hekayəsi Lent.az saytında dərc ediləndən sonra Avropa Azərbaycan Cəmiyyəti onun taleyi ilə maraqlanmışdı. Məhz TEAS-ın dəstəyi ilə 64 ildən sonra İvonna nənə öz vətəninə gedə bilmişdi.

 

Fransada onun həyat hekayəsi barədə yazmayan qəzet və jurnal qalmamışdı. Fransanın əksər telekanallarının baş qəhrəmanıydı İvonna həmin günlər. Lionda, Parisdə yaşayan qohumları onu sanki ovuc içində gəzdirirdilər.

 

Ölüm ayağında o adamı xatırlayırdı… Adı Marseldir, İvonnanın əmisi qızı, uşaqlıq rəfiqəsidir. Düz 64 ildən sonra görüşmüşdülər. Görüş söhnəsi inanılmaz idi, əmi qızıları 64 il ayrılıqdan sonra qucaqlaşıb öpüşmədilər, əllərini bir-birinin üzünə sürtüb bir müddət dayandılar. Sanki “doğrudanmı bu sənsən İvonna, doğrudanmı bu sənsən Marsel” deyirdilər. Və birdən bir-birinin boynuna sarılıb ağlamışdılar.

 

...İndi Marselə əli çatmır. Ona övladlarının, ona baş çəkməyə gələnlərin əli lazım deyil, Marselin əli, onun sığalı lazımdır ona. O əllər isə İmişlinin kəndindən min kilometrlərlə uzaqlıqdadır.

 

Fransanın sabiq prezidenti Fransua Olland İvonna nənəyə pasport da verib. 4 il əvvəl Bakıya rəsmi səfərə gələrkən İvonna nənə ilə görüşəndə onu Vətəninə dəvət etmişdi. İvonna nənə qulaqlarına inanmamışdı. “Fransaya gələndə gəlim yanına? Məni buraxarlar yanına?” demişdi. Oland və qonaqlar yenə  gülüşmüşdülər... Prezident “bax, birdən gələrsiz, məni görməmiş getsəniz, heç yaxşı olmaz” - deyə zarafat edib, İvonannı qucaqlamışdı.

 

- Bu ayaqla hara gedim. Mənimki də elə buracanmış...

- Nənə, təyyarədə uça bilərsənmi 5 saat?

- Uçaram, niyə uçmayım ki?

- Onda hazırlaş bir neçə günə səni aparacam La Fayetə.

 

Gözləri gülür İvonna nənənin, siması işıqlanır…

 

 

 

Həkimlər deyir ki, vəziyyəti ümidsizdir. Sol ayağı qanqrenadan  qapqara olub, amputasiya etmək mümkün deyil. Ürəyinin dözməyəcəyindən qorxurlar.

 

Ürəyi etibarsız çıxdı, görüşümüzdən 12 saat sonra vəfat etdi. Bu dəfə özü deyil, ruhu uçub Fransaya getdi…

 

P.S. Material jurnalist Səbuhi Məmmədlinin Lent.az saytında yayımlanan “İmişlidə ölən fransız gözəlin son anları: “Ölmək istəmirəm...” yazısı əsasında hazırlanıb

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd