Səlim Müslümov Salyanda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda vətəndaşları qəbul edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbulda həmin rayonun və Neftçala, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinləri iştirak edib.
Vətəndaşların müraciətlərində sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və reabilitasiya vasitələri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta münasibətləri və digər məsələlər əksini tapıb.
Bütün müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb. Sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı müraciətlər sorğu xarakterli olub və vətəndaşlara qanunvericiliyin müvafiq maddələrinə uyğun izahatlar verilib.
Qəbul zamanı müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb, 2 nəfər sağlamlıq imkanları məhdud uşağa və 1 nəfər əlilliyi olan şəxsə əlil arabaları verilib. Eləcə də bir sıra şəxslərə müraciətlərinə uyğun olaraq məşğulluqlarının təmin edilməsi üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər təqdim olunub. Müraciətlərə əsasən ayrı-ayrı şəxslərin reabilitasiya vasitələri, o cümlədən protez məmulatlarla təmin edilməsi, nazirliyin bərpa mərkəzlərində bərpa müalicəsinə, habelə aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları və s. tapşırılıb.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Səlim Müslümov jurnalistlərə açıqlamasında xatırladıb ki, yanvarın 1-dən "İşsizlikdən sığorta haqqında" qanun qüvvəyə minib: "Həmin qanunun tətbiqi ilə əlaqədar İşsizlikdən Sığorta Fonduna təqribən 89 milyon manatın yığılacağı gözlənilir. Həmin vəsaitin 35,8 milyon manatının özünüməşğulluq proqramına sərf olunacağı nəzərdə tutulur. Bu isə təqribən 7 minə yaxın ailənin 2018-ci il ərzində özünüməşğulluq proqramlarında iştirakı deməkdir. Hazırda ayrı-ayrı rayonlar üzrə bunun bölgüsü hazırlanır".