Lökbatan-Güzdək avtomobil yolu yenidən qurulur

Bakıda Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun uzunluğu 9.1 km təşkil edir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, Lökbatan-Güzdək avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.

 

Artıq yolun 4.6 km-lik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədilə kənardan xüsusi material gətirilərək yol yatağı ortalama 1 metr hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

 

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Asfaltlanma işləri yolun 60 min kv. m-dən çox sahəsində aparılacaq. Bundan başqa layihəyə uyğun olaraq 3 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü borular quraşdırılacaq və 1 ədəd mövcud 5 metr uzunluğunda dördbucaqlı su keçidi əsaslı şəkildə bərpa olunacaq.

 

Uzun müddət istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti yolun hərəkət hissəsində dağılma və çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun yenidən qurulması ilə bu problemlər aradan qaldırılacaq, ən əsası 3 yaşayış məntəqəsinin 43 minə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yolun birləşdirdiyi qəsəbələrarası yük və sərnişin daşıması rahatlaşacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma və bərpa işlərindən sonra yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd