Sumqayıtda bir qrup şəxslə polis arasında atışma - ÜÇ NƏFƏR YARALI, BİR NƏFƏR İSƏ SAĞ ƏLƏ KEÇİRİLİB
Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında atışma olub. APA TV-nin məlumatına görə, atışma 10-cu mikrorayondakı kafelərin birində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları kafedə birgə əməliyyat keçiriblər. Bu zaman bir qrup silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmayaraq, onlara atəş açıb. Keçirilən əməliyyat zamanı 3 nəfər yaralanıb. Yaralanan şəxslər yaxınlıqdakı marketdə və binalarda gizlənməyə cəhd ediblər. Əraziyə əlavə mülkü geyimli polis əməkdaşları cəlb olunub. Sözügedən ərazidə təhlükəsizlik səddi çəkilib. Yaralıların qan izlərini izləyən polis onlardan üçünü gizlənmək istəyərkən yaxalayıb. Yaralılar - 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyev Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qaçmağa çalışan və hələlik şəxsiyyəti bilinməyən bir digər silahlı isə sağ ələ keçirilib.
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, silahlı insidentlə bağlı ətraflı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.