ABŞ-ın ehtiyatları azalır, neftin qiyməti 71 dolları keçdi

ABŞ Energetika Nazirliyi ölkənin neft ehtiyatlarının həcminə dair rəsmi hesabatı açıqladıqdan sonra “qara qızıl” bahalaşmağa başlayıb. Bir gün əvvəl açıqlanan qeyri-rəsmi, proqnoz xarakterli hesabatda ehtiyatların artacağı iddia olunurdu, rəsmi hesabat isə bunun əksini göstərir.

 

Hesabata əsasən, ölkənin kommersiya neft ehtiyatlarının həcmi həftə ərzində 1,07 milyon barel azalıb. Analitiklər azalmanın 1,62 milyon barel olacağını proqnozlaşdırırdı, Amerika Neft İnstitutu isə 4,75 milyon barel artım gözləyirdi.

 

Ölkədə gündəlik neft hasilatı 128 min barel artaraq 9,878 milyon barelə çatıb. Bu, 1983-cü ildən sonra qeydə alınan rekord göstəricidir. ABŞ ötən həftə gündəlik orta hesabla 91 min barel neft idxal, 162 min barel neft isə ixrac edib.

 

Bu rəqəmlər açıqlandıqdan sonra “Brent” markalı neftin qiyməti 71,02 dollara çatıb, Qərbi Texas nefti isə 66,25 dollardan satılır. Sabah ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair hesabat dərc olunacaq. Buruqların sayının azaldığı təsdiqlənərsə, neftin birja həftəsini 71 dollar səviyyəsində başa çatdıracağı ehtimalı böyükdür.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli