Afrində daha bir kənd PYD-dən təmizləndi - ÖCALANIN FOTOLARI YANDIRILDI
Türkiyə-Suriya sərhədi yaxınlığında daha bir yaşayış məntəqəsi PYD terrorçulardan təmizlənib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Abudan kəndi hazırda Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) tam nəzarətindədir.
Türkiyənin Kilis şəhərinin məhz bu kəndin ərazisindən vurulduğu, yanvarın 24-də şəhərdəki məscidlərdən birinə düşən raketin də buradan atıldığı təxmin edilir.
Xatırladaq ki, terrorçuların zərbəsi zamanı iki Türkiyə vətəndaşı həyatını itirib.
ASO döyüşçüləri kənddəki YPG qərargahını ələ keçirib, terrorçuların bayraqlarını və divarlara vurulan Abdullah Öcalan fotolarını yandırıb.
ASO həmçinin Cinderes bölgəsini də atəş altında saxlayır. Terrorçuların toplaşdığı nöqtələr toplardan vurulur. Həmmam və Kefr Safra kəndlərində PYD ciddi itki verib.
"Zeytun budağı" əməliyyatının 6-cı günüdə Türkiyə hərbi aviasiyası Təl Abyaddakı terrorçu düşərgələrini bombalayıb. Qəsəbədəki xəstəxanaya çox sayda terrorçunun ağır vəziyyətdə çatdırıldığı barədə məlumatlar var.
Bundan əlavə F-16-lar Menbiçin qərbinə zərbələr endirib. YPG terrorçularının bir neçə mövqeyi dağıdılıb. Zərbələr əsasən Arima və Yağızlı kəndləri yaxınlığındakı hədəflərə endirilib.
Ötən 5 gün ərzində "Zeytun budağı" əməliyyatı nəticəsində 287 PYD/YPG terrorçusunun məhv edildiyi vurğulanır.