Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu yenidən qurulur

Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı müvafiq işlərə başlanılıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, yenidənqurma işləri 3 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin uzun illərdir sözügedən torpaq və çınqıllı yolla hərəkətdə qarşılaşdıqları problemlərə son qoyacaq, onların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın istənilən nöqtəsinə gediş-gəlişi daha da rahatlaşacaq.

 

2.5 km uzunluğunda olan Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu ümumi eni 10 metr olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən salınır.

 

Tikinti layihəsinə uyğun olaraq yol yatağı tamamilə yenidən tikilib. Bunun üçün lazımi qalınlıqda çınqıl materialı yola döşənib. Tikinti norma və qaydalarına uyğun olaraq hazırda tələb olunan materialdan yol əsasının tikintisi üçün hazırlıqlar görülür. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə isə yolun yüksək keyfiyyətli asfalt-betonla örtülməsi planlaşdırılır. Bu işlər isə yolun hərəkət hissəsini eni 6 metr nəzərə alınaraq 15 min kv. m-dən çox sahədə aparılacaq.

 

Dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq hazırlanan tikinti layihəsi çərçivəsində yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 3 yerdə suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd