ADR-İran diplomatik münasibətlərinə dair kitab təqdim olundu
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində "ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)" kitabının təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbiri açıq elan edən AMEA prezidenti, akademik Akif Əlizadə deyib ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön sözü və elmi redaktorluğu ilə nəşr olunan kitabda çox zəngin arxiv materialları toplanıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, kitabda yer alan 98 sənəd ilk dəfə elmi ictimaiyyətə təqdim olunur. Onun sözlərinə görə, kitab Azərbaycanın dövlətçilik tarixinin araşdırılmasına töhfə verəcək: "Akademik Ramiz Mehdiyev ilk dəfədir bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçiliyinin inkişafındakı roluna qiymət verib. Kitabda Fətəli xan Xoyski, Həsən bəy Ağayev və digər Cümhuriyyət liderlərinin fəaliyyətləri barədə yeni faktlar öz əksini tapıb. Bu sənədlər mükəmməl dəlil, sübutlardır. Akademik Ramiz Mehdiyevin dərin məzmunlu müqəddiməsinin də yer aldığı kitab İran-Azərbaycan münasibətlərini öyrənmək üçün mükəmməl mənbədir".
AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, İranda bəzi dairələr Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olmasını istəmirlər. Halbuki Azərbaycanın İranla müştərək tarixi var və Azərbaycan hər bir zaman bu tarixi qorumağa çalışıb: "Cümhuriyyətin tarixi ilə bağlı öyrənilməsi vacib olan məsələlərdən biri də ADR-in İranla olan münasibətlərini aydınlaşdırmaqdır. Bu kitab Azərbaycanın İranla olan münasibətlərinə bir daha gözəl şəkildə aydınlıq gətirib. Məlum olur ki, Azərbaycan İrana qarşı hər zaman təmkinli siyasət aparıb".
Tədbir çıxışlarla başa çatıb.