“Bəxt üzüyü”nü kim oğurlayıb? – SİRR İKİNCİ FİLMDƏ AÇILIR

“Bəxt üzüyü” Azərbaycanda çəkilmiş ilk kommersiya filmidir. APA TV-nin məlumatına görə, 1991-ci ildə kifayət qədər çətin bir dövrdə çəkilməsinə rəğmən hər kəs tərəfindən bəyənildi və sevildi.

 

Görkəmli dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesi, peşəkar komanda və uğurlu rejissor işi “Bəxt üzüyü”nü 27 ildir unudulmağa qoymur. Bundan sonra da çətin ki, unudulsun. Səbəb “Bəxt üzüyü 2” adı ilə çəkilən yeni filmdir.

 

Filmin yaradıcı heyət jurnalistlərlə görüşərək bir çox məqamlara aydınlıq gətirdi. Əməkdar artist Tahir İmanovun sözlərinə görə, bu dəfə “Bəxt üzüyü”ndə  “Söylü”, “Moşu”, “Rasim” və “Sevda” ilə yanaşı, “Parni iz Baku KVN Teatrı”nın üzvləri də çəkilib: “Tamaşaçılar filmin davamını gözləyirdilər. Şükürlər olsun ki, bu bizə qismət oldu. Afaq xanımın bir cümləsindən başa düşdüm ki, biz bunu edəcəyik. Afaq xanım dedi ki, mən ancaq sizinlə işləmək istəyirəm. Halbuki bundan öncə təkliflər çox olub”.

 

Beləliklə, xalq artisti Afaq Bəşirqızı 27 il sonra yenidən ”Söylü” kimi tamaşaçı qarşısına çıxacaq. Bu günə qədər ən azı dörd dəfə məhz “Bəxt üzüyü” filminin yeni versiyası üçün təkliflər olub. Sənətkar hər dəfə “yox” cavabı verib. Bu dəfə isə razılaşıb: “İnandım ki, “KVN” teatrının uşaqları mənimlə işbirliyini uğurla görəcəklər. Mən ay yarım vaxt sərf eləyib onların bütün kasetlərini izlədim. Ssenari ilə, onların ifaları ilə tanış oldum. Gördüm ki, onlarla işbirliyi mümkündür. Film Vaqif Səmədoğlunun 80 illik yubileyinə hədiyyədir. “KVN” teatrında bir çox professionallar var. İş prosesi o qədər dəqiqliklə həll olunmuşdu ki, heç kəs narazı qalmadı”.

 

Fürsətdən istifadə edib uzun illərin sirrini açmağa cəhd etdik – üzüyü kim oğurlamışdı? “Bəxt üzüyü rəhmət dostum Vaqif Səmədoğlunun tapdığı bir bəhanə idi. İnsan münasibətlərinin, çörək kəsdiyimiz, can deyib, can eşitdiyimiz adamların bir dəmir halqaya görə münasibətlərinin bir saniyə içərisində dəyişməsi… Hər kəs soruşur ki, bəs üzüyü kim oğurlamışdı? Bu, dramaturqun bicliyidir. Ələkbər bəyin ssenarisində isə bu sirr qismən açılır”.

 

Rasim roluna ikinci dəfə çəkilən xalq artisti Rafael Dadaşov özünü xoşbəxt hiss etdiyini bildirib: “Bu filmdə olduğum üçün çox xoşbəxtəm. Başqası da ola bilərdi. Afaq xanım, Valeh müəllim personaj kimi təsdiq olunmuşdular. Mənim üçün filmdə olmağım tapıntı idi. Düzdür, rol kimi yüksək rol deyil. Rasim yumşaq adamdır, humanistdir. Başı biznesə qarışıb. Sadəcə, o filmdə “Mercedes Rasim”dir, burada “Bentley Rasim”.

 

Şair “Moşu” obrazını yaradan xalq artisti Valeh Kərimov isə bu dəfə də xoşbəxtliyə qafiyə axtarır. Özü belə deyir. Yeri gəlmişkən, o da, yaradıcı heyətin digər üzvləri də dəfələrlə vurğuladılar ki, bu, “Bəxt üzüyü” nün 2-ci seriyası deyil. Tamamilə yeni filmdir.

 

Əməkdar artist Tahir İmanov bildirib ki, film üçün xeyir-dua Vaqif Səmədoğlunun ailəsindən alınıb: “Ramiz müəllimlə bu məsələni çoxdan həll etmişik. Sadəcə, bu qədər şişirtmək lazım deyildi. Bu işdə ən böyük xeyir-duanı yazıçı Vaqif Səmədoğlunun ailəsindən almalı idik. Çünki o olmasaydı, "bəxt üzüyü" sözü heç ərsəyə də gəlməzdi. Buna görə də mən Ramiz müəllimə cavab vermək istəmirəm. Çünki özündən böyüyə cavab vermək bizim mədəniyyətimizə uyğun deyil”. 

 

Tahir İmanov Ayşad Məmmədov (Hüseyn) və Gülşad Baxşıyevanın (Sara) filmdə rol almamasına da aydınlıq gətirib. Bildirib ki, onların iştirakı öncədən də nəzərdə tutulmamışdı, “çünki aralarında baş verən faciə 27 il öncə həllini tapmışdı”.

 

Filmin rejissoru Ənvər Mansurov, icraçı prodüseri Mirsalam Mirsalamovdur. Xronometrajı 1 saat 47 dəqiqə olan filmin təqdimatı yanvarın 31-də “Flame Towers”də yerləşən “Park Cinema” kinoteatrında gerçəkləşəcək. Filmin əsas qəhrəmanlarından birini canlandıran Firəngiz Rəhimbəyovanın (Sevda) təqdimatda iştirak edib-etməyəcəyi isə sual altındadır.

  

  

Müəllif | Apa.Tv
Nigar Həsənli