Bakıda Masallı sakinindən tapança tapıldı
Bakıda Masallı sakinindən odlu silah götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. 39-cu Polis Bölməsinin təhqiqatçısı Bəxtiyar Məmmədli bildirib ki, onun üzərinə baxış zamanı 1 ədəd TT markalı tapança, 3 ədəd patron və 1 ədəd həmin silaha məxsus sandıqça aşkar olunub. Həmçinin saxlanılan şəxsin üzərindən narkotik maddə də aşkar edilib.
Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.
Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.